Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

21 Fevral – Beynəlxalq Ana Dili Günü 


Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildə banqladeşli tələbələrin şərqi Pakistanda  öz ana dilinin (benqal dili) rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır.1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət etmişdilər. 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dünyada məhv olmaq təklükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn siyasətinin nəticəsidir. 1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Dil ünsiyyət vasitəsidir, millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər