FƏRAMƏZ QƏZƏNFƏR oğlu MAQSUDOV – 1930-cu il martın 20-də – Novruz bayramında Naxçıvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultiəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, adi aspirantdan, Riyaziyyat və Mexanika İnstitutunyn direktoru və Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsinə qədər yüksəlmişdir.
Fəraməz Maqsudov elmi fəaliyyətə Azərbaycan Riyaziyyat Məktəbinin görkəmli xadimlərindən biri olan akademik Zahid Xəlilovun tələbəsi kimi başlamışdır. 1959-cu ildə o, «Öz-özünə qoşma olmayan diferensial operatorların spektrinin diskretliyi, məxsusi və qoşulmuş funksiyaların tamlığı» mövzusunda namizədlik, 1974-cü ildə isə «Kəsilməz spektrə malik polinomial operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi məsələləri» mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir.
Fəraməz Maqsudov 50-ci illərin ortalarında yazdığı ilk elmi əsərlərində kompleks qiymətli birölçülü Şredinger operatorunun spektrinin diskretliyi, məxsusi və qoşma funksiyaları sisteminin tamlığı barədə mühüm nəticələr əldə etmiş, ilk dəfə olaraq spektrin diskretliyi kriteriyasını isbat etmişdir. O, ixtiyari cüttərtibli öz-özünə qoşma olmayan sinqulyar diferensial operatorların spektrlərinin tədqiqi, kompleks qiymətli potensiala malik çoxölçülü Şredinger operatorunun məxsusi və qoşma funksiyaları sisteminin tamlığı və spektrin diskretliyi barədə bir sıra mühüm nəticələr almışdır.
Onun yaradıcıllığında spektral analizin tərs məsələləri də xüsusi yer tutur. Diferensial tənliklər nəzəriyyəsi sahəsində – dəyişən potensiallı Şredinger tənliyinin həllinin asimptotikasına həsr olunmuş işləri də qeyd etmək lazımdır. Fərəməz müəllimin bir sıra elmi əsərləri xüsusi törəməli tənliklər sistemi üçün qoyulmuş başlanğıc sərhəd məsələlərin korretliyi və qlobal həll edilə bilməsi probleminə həsr olunmuşdur.
Bütöv mühit mexanikasının riyazi problemlərinə həsr olunmuş bir sıra işlərində o, özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini həll etmək üçün effektiv metodlar işləyib hazırlamışdır. Xətti özlüelastikiyyət nəzəriyyəsinin qeyri-stasionar dinamik məsələlərinə həsr olunmuş elmi işlərində Fərəməz Maqsudov bir sıra mühüm nəticələr almışdır.
Fəraməz Maqsudovun iki və daha yüksək tərtibli qeyri-xətti hiperbolik tənliklər üçün başlanğıc-sərhəd məsələlərinin qlobal həll olunması, həllərinin hamarlığının araşdırılmasına həsr edilmiş tədqiqatları və hiperbolik tənliklər üçün birtərəfli məsələlərə dair əldə etdiyi nəticələr bu sahədə onun tələbə və ardıcıllarının apardığı maraqlı tədqiqatlar üçün başlanğıc olmuşdur.
O, 1974-cü ildən ömrünün sonuna kimi Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışmış, 1976-cı ildə Respublika Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Bütün ömrü boyu Fəraməz Maqsudov elmə gənc istedadlı tədqiqatçıların gəlməsi üçün şərait yaratmış, ölkədə və keçmiş SSRİ məkanında onların elmi-tədqiqat işləri aparmasını daim diqqət mərkəzində saxlamışdır. Onun elmi rəhbərliyi altında 70-dən artıq namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. O, 300-dən çox elmi əsərin və bir sıra monoqrafiya və dərsliklərin müəllifi olmuşdur. Hazırda bir çox tələbələri Azərbaycanın və xarici ölkələrin (Türkiyə, İran, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Qazaxstan, Belarusiya və b.) tədris və elmi tədqiqat müəssisələrində çalışırlar.
Akademik Fəraməz Maqsudov 1981-ci ildən Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının vəzifələrində çalışmışdır. O, öz elmi nəticələrini bir sıra mötəbər elmi məclislərdə, beynəlxalq konfrans və simpoziumlarda müvəffəqiyyətlə məruzə etmişdir (Rusiya, Türkiyə, Gürcüstan, İran, İsrail, Fransa, Polşa, Yaponiya, Yunanıstan, Macarıstan, İngiltərə, ABŞ və s.).
1986-cı ildə Fəraməz Maqsudov SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yüksək ixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə «Xalqlar dostluğu» ordeni ilə təltif olunmuşdur. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin həllinə görə akademik Maqsudova 1994-cü ilə Zeynaləbdin Tağıyev adına mükafat verilmişdir. 1997-ci ildə Azərbaycan –Amerika Mədəniyyət, Elm və İqtisadiyyat Mərkəzinin Həmsədri, İslam Akademiyasının həqiqi üzvü seçilmişdir.
Fəraməz müəllim sözün həqiqi mənasında vətənpərvər və səmimi bir insan idi. O, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının bünövrəsini qoyan şəxslərdən biri olaraq, Ümummilli lider Heydər Əliyevin yorulmaz tərəfdarlarından biri idi.
O, poeziya, musiqi və incəsənətin böyük və dərin bilicisi idi, saatlarla azərbaycan, rus və türk şairlərinin şeirlərini əzbər söyləyər, özü də lirik şeirlər yazardı. Onun xalqımızın ədəbiyyat və tarixini dərindən bilməsi, ədəbi əsərləri mahir təhlil etmək qabiliyyəti insanı valeh edirdi.
Bu günlərdə Fəraməz müəllimin anadan olmasından 85 il ötür, Azərbaycan ictimaiyyəti və uzun illər rəhbərlik etdiyi AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları onun əziz xatirəsini daim hörmətlə yad edir, ona allahdan qəni-qəni rəhmət diləyirlər.