Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Fəraməz Maqsudovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda akademik  Fəraməz Maqsudovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Öncə mərasim iştirakçıları Fəxri Xiyabanda akademikin məzarını ziyarət ediblər, xatirəsini ehtiramla anıblar.

RMİ-nin  elmi kitabxanası tərəfindən təşkil olunmuş görkəmli akademikin həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunmuş və maraqla qarşılanmışdır.

Yubiley tədbirində giriş nitqi ilə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov Akademikin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, funksional analiz və diferensial tənliklər sahəsində görkəmli alim – FƏRAMƏZ QƏZƏNFƏR oğlu MAQSUDOVUN anadan olmasından 85 il ötür. O, 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olmuş, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1954-cü ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Fərəməz Maqsudov bütün mənalı həyatını elmə həsr etmiş, aspirantdan institut direktoru və Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsinə qədər şərəfli həyat yolu keçmişdir.

Fəraməz Maqsudov elmi fəaliyyətə Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri olan akademik Zahid Xəlilovun tələbəsi kimi başlamışdır. 1959-cu ildə o, “Öz-özünə qoşma olmayan diferensial operatorların spektrinin diskretliyi, məxsusi və qoşulmuş funksiyaların tamlığı” mövzusunda yazdığı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Operatorların spektral nəzəriyyəsi haqqındakı sonrakı tədqiqatları onun 1974-cü ildə müvəffəqiyyətlə müdafiə etdiyi “Kəsilməz spektrə malik polinomial operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda yazdığı doktorluq dissertasiyasında öz əksini tapmışdır.

1974-cü ildən Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən Fəraməz Maqsudov 1976-cı ildə Respublika Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə Akademiyanın həqiqi üzvüseçilmişdir. 50 illik elmi fəaliyyəti dövründə riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi fundamental nəticələr onu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də yaxşı tanıtmışdı.

Fəraməz Maqsudov 1974-cü ildən ömrünün sonuna qədər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna bacarıqla rəhbərlik etmiş və bu illər ərzində İnstitutun qazandığı uğurlarına öz sanballı töhfəsini vermişdir. Həmin illərdə İnstitutda Azərbaycan üçün artıq çoxdan ənənəvi hesab olunan funksional analiz, diferensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsində bir sıra yüksək səviyyəli elmi nəticələr alınmışdır.

Professor Misir Mərdanov akademik  Fərəməz Maqsudovun gənc və istedadlı tədqiqatçıların elmə gəlməsini daima diqqət mərkəzində saxlamasını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Alimin elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuş, o, 200-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliklərin müəllifi olmuşdur.

Bütün bunlarla yanaşı Fəraməz müəllim Azərbaycanda tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının əsasını qoyan şəxslərdən biri, “Əlincə” cəmiyyətinin rəhbəri olaraq daim Ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyirdi.

Tədbirdə akademikin həyat və yaradıcılığı haqqında İnstitutun professorları Məmməd Bayramoğlu, Nadir Süleymanov, Əkbər Əliyev, Musa İlyasov, dos. Əli Babayev və nəvəsi Elxan Məmmədxan  geniş məlumat verdilər.

Azərbaycan İctimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyyəti, uzun illər rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Fəraməz Maqsudovun əziz xatirəsini daim hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirlər.

Tədbirin sonunda Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov xalqımızı və kollektivimizi Novruz bayramı münasibəti ilə təbrik etdi və adları aşağıda qeyd olunmuş  əməkdaşları  uğurlu fəaliyyətlərinə görə Fəxri Fərmanla mükafatlandırdı:

  1. t.e.n., dosent Abbasov Eldar
  2. F.-r.e.n., dosent Babayev Əli Əvəz oğlu
  3. F.-r.e.n. Bağırov Şirmayıl Həsən oğlu
  4. F-r.e.n., dosent Bəndəliyev Rövşən Əliağa oğlu
  5. F.r.e.d., professor Əliyev Əkbər Bayram oğlu
  6. R.e.d.,  professor Əliyev Araz Rafiq oğlu
  7. F.-r.e.n., dosent Həsənov Cavanşir Cavad oğlu
  8. R.e.d., dosent İsmayılov Vüqar Elman oğlu
  9. F.-r.e.n., dosent Quliyev Əbdürrəhim Fərman oğlu
  10. F.r.e.d., professor Məmməd Bayram oğlu
  11. F.-r.e.d.,  professor Mirzəyev Sabir Sultanağa oğlu
  12. R.f.d. Muradova Şəmsiyyə Əhliman qızı
  13. R.f.d. Sadıqova Səbinə Rahib qızı
  14. F.-r.e.n., Ağayeva Gülşən Ramiz qızı
  15. E.i. Cəfərova Aynurə Məmmədrza qızı
  16. Əliyeva Esmira Tələt qızı
  17. F.-r.e.n., dosent Həsənova Tamilla Xavərən qızı
  18. Məhərrəmova Xumar Söhrab qızı
  19. Musayeva Tahirə Şakir qızı
  20. Nəcəfova Pərvanə Məstan qızı
  21. Rüstəmova Vüsalə Mobil qızı
  22. Sadıqova Qumru Arif qızı
  23. Salmanova Səbinə Salman qızı
  24. Səfərov Zaman Vahab oğlu
  25. Usubova Vəfa Tofiq qızı
  26.  Yaqubova Xalidə Əsədulla qızı

Faydalı linklər