Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“15 İyun – Milli Qurtuluş Günü 30 il”


Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür.

Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Bu gün Ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son qoydu. Bu gün həmin ərazilərdə bərpa–quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır. Ölkədə bütün sahələrdə davamlı inkişaf təmin olunub.

Xüsusi vurğulamaq lazımdır ki, bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

İllər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq. Qurtuluşdan başlanan yol bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıraçaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər