Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi-texniki yeniliklər


“Tesla” tarixi bir inqilabın astanasındadır

Məlumat üçün qeyd edək ki, “Tesla” şirkəti ötən həftələrdə yeni nəsil “Model 3” elektromobilini təqdim edib. Əslində, bəlkə də bu və digər modellər şirkətin son ənənəvi modelləri olacaq. Belə ki, elektrikli avtomobil istehsalçısı inqilabi yenilik üzərində çalışır. “Tesla” şirkətinin qurucusu və icraçı direktoru Elon Mask bir sıra innovativ yenilikləri bir araya gətirərək, elektrikli avtomobillərin istehsal üsulunu tamamilə dəyişdirməklə yanaşı, istehsal xərclərini də yarıya endirmək fikrindədir.

“Tesla” hazırda istehsal xərclərini azaltmaq məqsədilə avtomobillərin ön və arxa konstruksiyalarını formalaşdırmaq üçün 6000-9000 ton sıxma təzyiqi olan preslərdən istifadə edir. Məlumata görə, şirkət öz liderliyini daha da möhkəmləndirmək üçün yeni istehsal edəcəyi avtomobilin alt hissəsini tək parça halında istehsal etməyi və sonra onları bir-birinə birləşdirməyi hədəfləyir.

Şirkət rəsmiləri növbəti 10 il ərzində daha ucuz elektrikli avtomobilin istehsalı ilə yanaşı, daha çox qazanc əldə etməyi planlaşdırır. Yeniliklərdən digəri isə tökmə qəlibləri yaratmaq üçün 3D çap və sənaye qumunun istifadəsidir. Bu isə həm vaxta qənaət, həm də xərclərin azalması baxımından sərfəlidir.

Süni intellektlə bu damümkün oldu

Bir qədər absurd səslənsə də, tokiolu tədqiqatçılar toyuqların qıqqıltısını tərcümə edə bilən süni intellekt sistemi hazırladıqlarını açıqlayıblar. Belə ki, daha əvvəl də müxtəlif texnologiyaları hazırlayan Tokio Universitetinin professoru Adrian David Cheok indi rəhbərlik etdiyi komanda ilə birlikdə “toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem” hazırlayıb. Başqa sözlə desək, “Dərin Emosional Analiz Öyrənmə” adlanan ən son texnologiya aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və cansıxıcılıq kimi duyğuları süni intellekt texnikasından istifadə edərək tərcümə edir.

Maraqlısı budur ki, yeni hazırlanmış süni intellekt sistemi 6 fərqli emosional duyğunu 80 faiz dəqiqliklə tərcümə edir. Bundan əlavə, elm adamları bu sistemin “mürəkkəb riyazi alqoritmlərə əsaslandığını və hətta toyuqların daim dəyişən səslərinə uyğunlaşmaq üçün istifadə oluna biləcəyini” deyirlər. Yəni zaman keçdikcə sistem toyuqların qıqqıltısını daha tez və daha asan tərcümə edə biləcək.

İlkin mərhələdə 80 toyuqdan alınan səs nümunələri təhlil edilib. Bundan əlavə, tədqiqatçılar 8 heyvan psixoloqu və baytar həkimi ilə də əməkdaşlıq edib. Onların fikrinə görə, yeni sistem toyuqların psixi vəziyyətlərini çox yüksək dəqiqliklə müəyyən edə bilir. Alimlər bildirir ki, toyuqlar bəzən bədən dili və sosial əlaqələr vasitəsilə də ünsiyyət qura bilir. Yəni onlar yalnız qıqqıltı ilə və ya başqa cür desək, səs ilə ünsiyyətdə olmur. Hələlik sistem inkişaf mərhələsindədir. Çünki onun dəqiqliyi bəzən toyuqların cinsinə görə dəyişə bilir. Lakin çox yaxında texnologiya sahəsində daha bir futuristik süni intellekt sistemi təqdim ediləcək.

“Windows”a yeni funksiya əlavə edilib

“Microsoft” şirkətinin ən son təqdim etdiyi “Windows 11” əməliyyat sistemi daim təkmilləşməkdədir. Belə ki, əməliyyat sisteminə əlavə edilən əlverişli yeniliklə artıq ekran görüntülərindən mətn kopyalamaq mümkün olacaq. Yəni “Snipping Tool” proqramı işimizi daha da asanlaşdıracaq.

Əslində bu xüsusiyyət hazırda bir çox android və iOS cihazlarında istifadə olunur. “Microsoft” rəqiblərindən geri qalmayaraq bu yeniliyi kompüterlər üçün də əlçatan edib.

“Snipping Tool” proqramı istənilən pəncərədə anlıq ekran görüntüsü almağımıza, habelə onun ölçülərini dəyişdirməyə kömək edirdi. Bundan başqa, bu proqram vasitəsilə şəkillərə fon bulanıqlığı da əlavə etmək olurdu. İndi isə “Windows 11” əməliyyat sisteminə əlavə edilən yeni funksiya ilə sözügedən proqram vasitəsilə çəkilən ekran görüntülərindən mətnləri də seçmək olacaq.

Qeyd edək ki, yeni funksiyalar əsasən “Windows Photos” proqramına şamil edilir. Fon bulanıqlığı funksiyası artıq avtomatik olaraq fotoşəklə uyğun fon seçəcək və arxa fonu bulanıqlaşdıracaq. Hətta istifadəçilər bu bulanıqlığın intensivliyini də tənzimləyə biləcək. Əlavə olaraq qeyd edək ki, “Microsoft” yaxın günlərdə Nyu-Yorkda keçiriləcək tədbirində “Windows”, “Office, Surface”, “Bing” və digər əməliyyat sistemləri üçün süni intellektlə işləyən yeni funksiyaları elan edəcək.

“Google”dan daha bir yenilik

Dünyanın ən böyük axtarış sistemi “Google” hər keçən gün daha bir yeniliklə qarşımızdadır. Belə ki, bu dəfə isə texnologiya nəhəngi istifadəçilər üçün böyük problemə çevrilən qapalı smartfonları tapmağın yolunu təqdim edib.

Əslində “Google” cihazlarda “Tap” funksiyasını uzun müddətdir ki, təklif edirdi. Bu funksiya həm Android, həm də iOS smartfonları üçün mövcud idi. Hətta “Apple” bu işi daha fərqli səviyyəyə daşıyaraq “AirTag” adlı GPS cihazları da təqdim etmişdi. Görünən odur ki, “Google” əzəli rəqibindən heç də geri qalmaq istəmir.

Bildiyimiz kimi, “Tap” xidməti “Google” hesabına qoşulmuş bütün smartfonların, planşetlərin və ağıllı saatların yerini göstərir. Həmçinin bu funksiya ilə cihazlardan bütün şəxsi məlumatları da silmək mümkündür. İndiyə qədər problem o idi ki, cihaz yalnız aktiv və internetə qoşulu olduğu halda bu funksiya işləyirdi. İndi isə problem aradan qaldırılıb.

Xatırladaq ki, “Google” daha əvvəl Android cihazların “Bluetooth” vasitəsilə bir-biri ilə ünsiyyət qurmaq üçün şəbəkə yaradacağını bildirmişdi. İndi məlum olub ki, Android 14-ün QPR1 beta versiyasında “Siz bu telefonu söndürülmüş olsa belə, cihazı “Tap” funksiyasından istifadə edərək tapa bilərsiniz” deyə bildiriş yer alıb. Bu isə onu göstərir ki, Android cihazlar yaxınlıqdakı cihazlarla “Bluetooth” vasitəsilə əlaqə yaradaraq sahibinə öz yeri barədə məlumat verəcək. Məhz buna görə də artıq smartfonlar qapalı olduqda və internetə qoşulu olmadıqda belə yeri barədə məlumat verəcək.

respublika-news.az

Faydalı linklər