Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Nazim Məmmədov bildirib ki, görüşdə məqsəd birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq və onlar arasında seçim etmək, həmçinin nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini dəqiqləşdirməkdən ibarət olub.
Tədbirdə Rusiya tərəfindən işçi qrupun rəhbəri və BNTİ-nin elmi katibi Nikolay Rusakoviç, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Dmitriy Kamanin, İnformasiya Texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov, Elmi Tədris Mərkəzinin direktoru Stanislav Pakulyak, Azərbaycan tərəfindən isə ATLAS layihəsində Azərbaycanı BNTİ-də təmsil edən qrup rəhbəri Namiq Cavadov, Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Övsat Abdinov, Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri, akademik Adil Qəribov və digər qonaqlar iştirak edib.
Tədbirdə ekspert qrupunun üzvlərindən olan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov və iştirakçı qismində institutun baş mühəndisi Vüsal Cəfərov , “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi Aynurə Cəfərova iştirak ediblər.
Mayın 13-də AMEA prezidenti, akademik Akif Əlizadə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyətini qəbul edib.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə AMEA ilə BNTİ arasında mövcud əməkdaşlıq əlaqələrindən danışıb. Nüvə fizikası sahəsində sözügedən institutun təcrübəsinin Azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən Akademiya rəhbəri ikitərəfli əməkdaşlığın bundan sonra da effektiv olacağına əminliyini ifadə edib.
Sonra Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov çıxış edərək, bildirib ki, bu il Fizika, Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Molekulyar Biologiya və Biotexnologiya institutlarına, həmçinin, M.V.Lomonosov adına Moskva Dövlət Universititeninin Bakı filialına qəbul olan birinci kurs magistrlar iyul, avqust aylarında BNTİ-nin Elmi Texniki Mərkəzində təcrübə keçəcəklər.
Daha sonra Nikolay Rusakoviç BNTİ və onun yerləşdiyi Rusiyanın Dubna şəhəri haqqında, institutun strukturu, iş prinsipi və fəaliyyət istiqamətləri barədə məlumat verib. N.Rusakoviç qeyd edib ki, BNTİ-yə 18 ölkə tamhüquqlu üzvdür. İnstitut beynəlxalq elmi mərkəz olduğu üçün burada xarici alimlər çalışırlar. Dünyanın bir çox ölkələrindən olan nüfuzlu alimləri də burada tez-tez görmək olur. Daha çox gənc alimlər bu elmi mühitdə yetişmək üçün gəlirlər.
N.Rusakoviç onu da əlavə edib ki, BNTİ heç bir nazirliyə tabe deyil və onun ali orqanı Tam Səlahiyyətli Nümayəndələr Komitəsidir. İnstitut bu komitəyə daxil olan səlahiyyətli nümayədələr tərəfindən idarə olunur. Mütəmadi olaraq, ildə iki dəfə komitənin iclasi keçirilir və əsas məsələlər bu iclasda müzakirə olunur. İnstitutda elmi məsələlərə nəzarəti isə Elmi Şura həyata keçirir. Şuranın əsas tərkib hissəsini dünyanın müxtəlif ölkələrindən olan tanınmış fiziklər təşkil edir.
Tədbirdə digər qonaqlar da hər iki təşkilatın əməkdaşlıq perspektivləri haqqında öz fikirlərini bildirib.
Akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən yekun iclasın sonunda BNTİ-nin rəhbərliyi və Azərbaycan Respublikası hökümətinin BNTİ yanında səlahiyyətli nümayəndəsinin iştiraki ilə birgə protokol imzalanıb.

Faydalı linklər