Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Məcid Lətif oğlu Rəsulov


Macid_Rasulov

Azərbaycan Dövlət Pedoqoji İnstitutunun məzunu və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) aspirantı olmuş, özünün elmi istiqamətini yaratmış, riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Lətif oğlu Rəsulov XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun tədqiqatlarını dörd istiqamətə ayırmaq olar: Birinci istiqamətə onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinə dair işlərini aid etmək olar ki, burada böyük sinif sərhəd, qarışıq və Koşi məsələlərinin həlli üçün çıxıqlar və kontur inteqralı üsulları verilmişdir. Xətti diferensial operatorların spektral nəzəriyyəsi sahəsindəki işlərini ikinci istiqamətə aid etmək olar. Burada o, ixtiyari vektor-funksiyanın kontur inteqralı və diferensial tənliklər üçün spektral məsələlərin həllərinin çıxığı üzrə yeni ayrılış düsturlarını isbat etmişdir.Funksional analizə aid olan üçüncü istiqamət üzrə işlərində Banax fəzasında təyin olunan xətti funksionalların normasını saxlamaqla davamının yeganəlik şərtləri isbat edilmişdir.Nəhayət, dördüncü istiqamət üzrə işlərində funksional analizi diferensial operatorlar nəzəriyyəsinə tətbiq etməklə adi xətti diferensial operatorun normallıq şərtini almışdır.

Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə “Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxııqlar üsulu ilə araşdırılması ” mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir.M.L.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında “Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Məcid Rəsulov tərəfindən yazılmış və Moskvada, “Nauka” nəşriyyatında nəşr edilmiş (1964) “Kontur inteqralı üsulu” adlı fundamental monoqrafiyasında 1950-1962-ci illər arası çıxıqlar və kontur inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr öz əksini tapmışdır. Monoqrafiyanın redaktoru prof. A.İ.İvanov öz rəyində yazır: “Məcid Lətif oğlu Rəsulovun monoqrafiyası riyazi ədəbiyyatda müstəsna bir hadisədir. Dünya mətbuatında buna bənzər bir kitab yoxdur. Azərbaycanın riyazi cəmiyyəti belə bir işin Azərbaycan (Bakı) Dövlət Universtetində yazılması ilə fəxr edə bilər”. Bu monoqrafiya işıq üzü görən kimi, onun müəllifi tətbiqdə rast gəlinən bir sıra vacib riyazi fizika tənliklərinin həlli ilə bağli işləyib hazırladığı üsullar haqqında mühazirələr oxumaq üçün Moskvaya dəvət alır. O, 1964-cü ildə ümumittifaq “Bilik” cəmiyyətinin mərkəzi lektoriyasında “Riyazi fizika tənliklərinin həllinin çıxıqlar üsulu” mövzusunda mühazirə oxuyur. 1965-ci ilin yanvarında isə “Çıxıqlar üsulu və kontur inteqralı üsulu” adlı yeddi silsilə mühazirə ilə çıxış edir.

1967-ci ildə “Kontur inteqralı üsulu” monoqrafiyası İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunur və Hollandiyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada çap olunur. Qeyd edək ki, bununla da o, xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçı olur.

Məcid Rəsulov ilk Azərbaycanlı alimidir ki, ömrünün sonuna qədər Ümumittifaq miqyaslı “Differensial tənliklər” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

M.L.Rəsulovun ikitərtibli parabolik sistemlər üçün məsələlərin həllinə kontur inteqralı üsulunun tətbiqinə həsr olunmuş “İkinci tərtib parabolik sistemlər üçün məsələlərə kontur inteqralı üsulunun tətbiqi” adlı monoqrafiyası 1975-ci ildə Moskvada, SSRİ EA-nın “Nauka” nəşriyyatinda çap edilmişdir. Bakıda, Azərb. SSRİ EA-nın “Elm” nəşriyyatında M.L.Rəsulovun 1989-cu ildə nəşr olunmuş “Çıxıqlar üsulunun diferensial tənliklər üçün məsələlərin həllinə tətbiqi” adlı üçüncü monoqrafiyası çıxıqlar üsulunun inkişafına həsr olunmuşdur. Akademik M.L.Rəsulovun rəhbərliyi altında 20-dən çox namizədlik və doktorluq dissertasiyaları yazılmış və müdafiə edilmişdir. O, bir çox orden və medallarla təltif edilmiş və ona 1989-cu ildə “Azərbaycan SSR Əməkdar Elm xadimi” fəxri adı verilmişdir.

Akademik Məcid Lətif oğlu Rəsulov 1993-cü il fevral ayının 11-də 77 yaşında vəfat etmişdir.

Faydalı linklər