03/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov Ingiltərənin Oksford Universitetinə “Funksional analiz” seminarında çıxış etmək və elmi müzakirələrin aparılması üçün yanvarın 27-si rəsmi dəvət məktubu almış və 02.03.2017-18.03.2017 tarixlərində Oksford Universitetində elmi ezamiyyətdə olmuşdur.
Ezamiyyətin məqsədi Oxford Universiteti, “Funksional analiz” seminarında çıxış, Professor Charles Batty və Oksford Riyaziyyat İnstitunun digər əməkdaşları ilə elmi müzakirələrin aparılması, müxtəlif seminarlarda iştirak olub.
Riyaziyyat üzrə elmlər doktoru Vüqar İsmayılov “Funksional analiz” seminarında “Representation of C(X) as a sum of its subalgebras and some applications” mövzusunda bir saatlıq mühazirə oxumuşdur. Mühazirə kompakt Hausdorf fəzasında təyin olunmuş kəsilməz funksiyalar fəzasının onun altcəbrləri cəmi şəklində göstərilişi məsələsinə həsr edilib.
Qeyd edək ki, bu məsələ ingilis riyaziyyatçılarının diqqət mərkəzində olan məsələdir. Belə ki, bu istiqamətdə 1992-cı ildə ingilis alimləri Sproston və Straus tərəfindən göstəriliş üçün kafi şərt tapılmış və müvafiq nəticə Journal of London Mathematical Society jurnalında dərc edilmişdir. Qeyd edək ki, eyni nəticə kompakt metrik fəzalar üçün Sternfeld tərəfindən alınmışdır. Vüqar İsmayılıovun aldığı nəticə yuxarıdakı göstəriliş məsələsi üçün zəruri şərti özündə ehtiva edir. Əgər cəbrlər cəmi iki toplanandan ibarətdirsə, onda alınan zəruri şərt həm də kafi olur və Sproston-Strausun nəticəsi ilə eynigüclü olur. Muhazirə iştirakçılarına alınmış yeni nəticənin üstünlükləri, onun həndəsi təsviri ilə bağlı məqamlar malik olması izah edilmiş, bu istiqamətdə bəzi problemlər qeyd edilmişdir. Belə ki, əsas problem ixtiyari sayda cəbrlər cəmi üçün zəruri və eyni zamanda kafi şərtlərin tapılmasıdır.
Ezamiyyət zamanı bu problem istiqamətində prof. C.Batty, prof. D.Seifert və Funksional Analiz qrupunun digər üzvləri ilə müzakirələr aparılmışdır. Müzakirələr zamanı cəbrlər cəminin kəsilməz funksiyalar fəzasında sıxlıq və qapalılıq şərtlərinin ayrıca araşdırılması və göstəriliş məsələsinə tətbiqi yolları axtarılmışdır. Eyni zamanda Sternfeld şərtinin zəruri şərt almaq məqsədi ilə zəiflədilməsi istiqamətində təkliflər olunub.
Ezamiyyət zamanı Oksford Riyaziyyat İnstitutunun digər seminarlarında da yaxından iştirak edilib.
Mühazirənin qısa məzmunu və məqsədinə Oksford Universitetinin saytında baxa bilərsiniz (bax: https://www.maths.ox.ac.uk/node/24710).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.