01/11/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, respublikamızda və onun hüdudlarından kənarda riyaziyyat elminin inkişafına qiymətli töhfələr vermiş Vüqar İsmayılovun anadan olmasının 50 ili tamam olur.
Vüqar Elman oğlu İsmayılov 26 sentyabr 1971-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1988-1993 cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1995-1998-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. 2000-ci ildə “Dəyişənlərinin sayı az olan funksiyaların cəmi ilə yaxınlaşma” adlı namizədlik dissertasiyasını, 2014-cü ildə isə “Qeyd edilmiş istiqamətli ridge funksiyalarla yaxınlaşma” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən 2013-cü ilə kimi AMEA Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) kiçik elmi işçisi, elmi işçisi, böyük elmi işçisi, aparıcı elmi işçisi vəzifələrini icra etmişdir. 2007 və 2008-ci illərdə Texnion – İsrail Texnologiya İnstitutunun riyaziyyat bölməsində “dəvətli alim” (visiting scholar) vəzifəsində çalışmışdır. 2013-cü ildən AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiridir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının üzvüdür. 2014-cü ildən “Proceedings of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan” jurnalının məsul redaktorudur. Bundan əlavə “Azerbaijan Journal of Mathematics”, “Transactions of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan” jurnallarının redaksiya heyətinin üzvüdür. 2017-ci ildə Vüqar İsmayılov Oksford Universitetinə dəvət almış və həmin universitetdə “Representation of C(X) as a sum of its subalgebras and some applications” mövzusunda mühazirə oxumuşdur.
Institutun rəhbərliyi və kollektivi 50 illik yubileyi münasibətilə Vüqar İsmayılovu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, elmi fəaliyyətində yeni-yeni nəaliyyətlər arzulayır.