15/04/2022
Ramiz Mütəllim oğlu Aslanov 1947-ci il martın 26–da Azərbaycan Respublikasının Daşkəsən rayonunun Muşavaq kəndində anadan olmuşdur. 1968-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) riyaziyyat ixtisası üzrə Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildən İnstitutda müəllim, kafedra müdiri, İnstitutun qiyabi şöbəsi üzrə prorektor vəzifələrində işləmişdir.
1995-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinin əyani doktoranturasına daxil olmuş və bu Universitetdə qalıb müəllim vəzifəsindən fakültənin dekanı vəzifəsinə qədər yüksəlmişdir.
1998-ci ildə pedaqoji elmlər doktoru, 2011-ci ildə “Riyazi analiz” kafedrası üzrə professor və 2013-cü ildə Pedaqoji Təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir.
Elementar riyaziyyatın seçilmiş fəsilləri, diferensial tənliklər, riyazi fizika tənlikləri, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi, kompleks analiz, riyazi analiz, riyaziyyat tarixi fənlərindən mühazirələr oxumuş, seminarlar aparmış, tələbə və aspirantların elmi işlərinə rəhbərlik etmişdir. Eyni zamanda, doktorluq dissertasiya şurasının elmi katibi olmuşdur.
Onun hazırladığı “Diferensial tənliklər” dərsliyi Moskva Dövlət Pedaqoji Universitetində bu fənnin tədrisində müstəsna əhəmiyyətə malikdir.
2000-2015-ci illərdə Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində “Женщины-математики” (“Qadın-riyaziyyatçılar”) adlı tələbə elmi konfransının təşkilatçısı və elmi rəhbəri olmuşdur. Dərc etdiyi dünya qadın-riyaziyyatçılarının həyat və yaradıcılığından bəhs edən, üç cildli “Женщины-математики” adlı elmi-populyar kitab akademik Pavel Novikov adına mükafata layiq görülmüşdür.
Bu kitabda o, dünyanın ilk qadın riyaziyyatçısı, iki dəfə Nobel mükafatı laureatı Mariya Küri ilə yanaşı, Azərbaycanın ilk qadın- riyaziyyatçısı professor Tamilla Nəsirova haqqında da oçerk yazmışdır. Üçcildlik kitabın ərsəyə gəlməsi onun böyük, zəngin əməyinin nəticəsidir. 2014-cü ildə Rusiyada (Moskva ş.) nəşr etdirdiyi “Предшественники современной математики” kitabı (V cild, hissə 1) Azərbaycanın dahi riyaziyyatçıları Zahid Xəlilov və Mirabbas Qasımovun əziz xatirisəniə ithaf etmişdir. Bu cild yalnız Azərbaycan riyaziyyat elminin inkişafında xidmətləri olmuş alimlərə həsr olunub.
2015-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi-texniki informasiya şöbəsinin müdiri, eyni zamanda, “Cəbr və riyazi məntiq” şöbəsində baş elmi işçi və İnstitutun elmi şurasının üzvüdür.
Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına layiq görülmüşdür.
Elm və təhsildə böyük nailiyyətlər qazanmışdır. Onun tələbələri Rusiyanın müxtəlif Universitetlərində və elmi müəssisələrində fəaliyyət göstərirlər. Əldə etdiyi elmi nəticələr yüksək qiymətləndirilmiş, onların əksəriyyəti monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və elmi məqalələrdə öz əksini tapmışdır.
İnstitutun rəhbərliyi və kollektivi Ramiz Aslanovu 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayır.