18/01/2021
Elman Cavanşir oğlu İbrahimov 1946-cı ildə Azərbaycan Respublikasının Zəngilan rayonunda anadan olmuşdur. 1970-ci illərdə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin institutun “Hesablama riyaziyyatı və ehtimal nəzəriyyəsi” kafedrasında laborant vəzifəsində işləyib. 1970-1971-ci illərdə SSRİ ordu sıralarında qulluq etmişdir. Ordu sıralarından qayıdandan sonra həmin kafedrada 1971-1977-ci ilə qədər assistent vəzifəsində işləyib.
1975-ci ildə “Sfera üzərində ümumləşmiş funksiyalar sinfi və ultrasferik sıraların cəmlənməsi” mövzusunda namizədlik, AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Qeqenbauer diferensial operatorunun doğurduğu harmonik analizin bəzi aspektləri haqqında” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir.
1977-1978-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun hesablama mərkəsində riyazi-proqramlaşdırıcı vəzifəsində işləyib.
1978-1984-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında baş müəllim və 1954-2015 ilə qədər dosent vəzifəsində işləmişdir.
2015-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsində aparıcı elmi işçi, hal-hazırda baş elmi işçi vəzifəsində işləyir. İnstitututun elmi seminarında fəal iştirak edir.
O, 37 elmi işin, onlardan 34 məqalə və 3 tezisin müəllifidir. 25 məqaləsi xarici nüfuzlu jurnallarda dərc olunub: Journal of Mathematical Analysis and Applications, Аnalysis Mathematics, Georgian Mathematical Journal, Journal Mathematical Study, Mathematical Notes və s..
Elman İbrahimov ED 1.04 dissertasiya şurasının nəzdindəki 1202.01-Analiz və funksional analiz ixtisası elmi tematik seminarın üzvüdür. O, bir neçə Beynəlxalq konfransların iştirakçısı olmuşdur.
İnstitutun kollektivi Elman müəllimi 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli olan nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.